info@tlcbaku.com/az
12 Nigar Rəfibəyli, Bakı 1005, Passage 1901

Veb-saytınızı tərcümə etmək üçün 6 səbəb

Veb-saytınızı tərcümə etmək üçün 6 səbəb

Qlobal müştərilərə onlayn xidmət göstərmək şirkətlərin davamlı inkişafını təmin edən faktorlardandır. Lokallaşdırılmış veb-saytlar isə buna nail olmağın ən asan yoludur.

Ümumi praktikaya nəzər salsaq, görərik ki, uğurlu hesab etdiyimiz şirkətlər üçün veb-saytlarının tərcümə olunması seçim yox, prioritetdir. Bəs, görəsən, onlar uğurlu olduqları üçün saytlarını tərcümə etdirirlər, yoxsa saytlarının tərcüməsi onlara uğur qazandırıb? Veb-saytınızı tərcümə etmək üçün 6 səbəbi nəzərdən keçirin.

1. Tərcümə və lokalizasiya brendinizin təsir dairəsini artırır. Gəlin, “bir dil bir insan, iki dil iki insan” deyiminə fərqli prerspektivdən baxaq. Bir dil bir şirkət, iki dil isə iki şirkət və iki şirkətin xidmətindən yararlanmaq istəyən auditoriya deməkdir. Beləliklə, saytınızda fərqli dil seçimlərinin mövcudluğu potensial müştəri, distribütor və ya partnyorların brend və xidmətləriniz barədə məlumatlanmasına, həmçinin cəlbedici müştəri təcrübəsinin təmin olunmasına kömək edir.

2. Xarici müştəriləri cəlb etmək üçün veb-saytlar onların ana dilində xidmət göstərməlidir. Müxtəlif tədqiqatlar göstərir ki, istehlakçıların təxminən 72%-i internetdə vaxt keçirərkən daha çox öz dillərində olan veb-saytlara daxil olurlar. Onlar, həmçinin məhsul və ya xidmət haqqında məlumatı öz ana dillərində əldə etdikdə doğmalıq hiss etdiklərini və satın almağa daha çox meyilli olduqlarını etiraf edirlər. Müştərilərə öz doğma dillərində məlumat verməklə məhsul və ya xidmətləri satmaq şansınızı əhəmiyyətli dərəcədə artırırsınız.

3. Veb-saytla bağlı məlumatlar tərcümənin böyük imkanlar yarada biləcəyini göstərir. Saytınızın göstəricilərini nəzərdən keçirsəniz, izləyicilərin hansı coğrafi bölgələrdən olduğu sizi təəccübləndirəcək. Əgər xarici istifadəçilər çoxluq təşkil edirsə, o zaman bu istifadəçilərin ana dilini müəyyənləşdirin və onlarla öz dillərində danışın.

4. SEO səmərəliliyinin artırılması. SEO (Axtarış Mühərrikinin Təkmilləşdirilməsi) beynəlxalq bazarda tanınmaq üçün ən təsirli strategiyalardan biridir. Beynəlxalq SEO strategiyasını tətbiq etməklə trafik, konversiya və qarşılıqlı əlaqə göstəricilərini artıraraq rəqəmsal biznesin üstünlüklərdən tam faydalana bilərsiniz. Trafikin artması tədricən biznesinizin axtarış mühərrikində ilk sıralarda çıxmasına səbəb olur. Axtarış zamanı istifadəçilərin əksər hallarda birinci səhifəni belə sona qədər nəzərdən keçirmədiyini nəzərə alsaq, ilk sıralarda çıxmaq seçilmə şansınızı artırır.

5. Lokalizasiya izləyicilərin veb-saytınızda daha çox zaman keçirməsini təmin edir. İzləyicilər düzgün tərcümə edilmiş saytda daha çox vaxt keçirir. Onların saytda daha çox vaxt keçirməsinin isə təklif edilən xidmətlərlə tanış olmasından daha böyük üstünlükləri var. İstifadəçi özü də potensial müştəri olmaqla bərabər saytı tərk edə və unuda bilər. Lakin onların davamlı olaraq saytda daha artıq vaxt keçirməsi bir müddət sonra trafikdə çox böyük dəyişikliklərə səbəb olacaq. Vaxt keçirmə göstəriciləri gözünüzü qorxutmasın. Əvvəl 3 saniyənin indi 6 saniyə olması ikiqat inkişaf deməkdir. Hər mərhələdə ikiqat inkişaf biznesinizin ümumi inkişafına da təsirsiz ötüşməyəcək.

6. Qlobal bazarda etibar qazanın.

Onlayn istehlakçılar yalnız etibarlı saydıqları veb-saytların xidmətlərindən istifadə edirlər. Saytdakı kontent onlara yad dildə olduqda isə güvənmə ehtimalları çox az olur. Müxtəlif dillərdə təqdim olunan sayt müştərilərin biznesinizə inamını formalaşdırır. Həmçinin brendin istifadəçi təcrübəsinə önəm verməsi istehlakçılarda olduqca müsbət təəssürat yaradır.