Lokalizasiya dünya təcrübəsində geniş yayılsa da, ölkəmizdə son illərdə meydana gəlmiş sahə hesab olunur. Ənənəvi tərcüməyə nisbətən Lokalizasiya sahəsinin öz fərqli xüsusiyyətləri var. Bəs bu fərqlər hansılardır?
Tərcümə nədir?
Tərcümə hər hansı sənəd, kontent və ya materialın orijinal dildən hədəf dilə hərfi tərcümə edilərək çevrilmə prosesidir. Tərcümə dillər arasındakı maneələri aradan qaldırır.Tərcümə zamanı düzgün orfoqrafik, qrammatik, linqvistik qaydalara, eləcə də dilin normalarına xüsusi diqqət yetirilir.
Lokalizasiya nədir?
Lokalizasiya isə müxtəlifkontent və ya məhsulun (xidmətin) tərcümə edilərəkdil daşıyıcılarının milli və mədəni xüsusiyyətlərinə, linqvistikasına uyğunlaşdırılması prosesidir.Lokalizasiya üçün bəzən ingilis dilində “l10n” qısaltmasından istifadə olunur: burada “l” və “n” hərfləri “localization” sözünün birinci və sonuncu hərflərini, 10 ədədi isə onlar arasındakı hərflərin sayını göstərir.Kontekst və regional fərqlər lokalizasiyada mühüm rol oynayır.
Mədəniyyətlərarası fərqlərin rolu
Eyni məzmunun həm linqvistik, həm də mədəni baxımdan nəzərdə tutulan auditoriyaya uyğun olması ən çox əhəmiyyət kəsb edən məqamdır. Düzgün mənanı çatdırmaq üçün ilk növbədə yerli auditoriya nəzərə alınmalıdır, əks halda lokalizasiya ünsiyyətin effektivliyini artırmaz.Lokalizasiyadan fərqli olaraq tərcümədə mədəniyyətlərarası fərqlərə neytral yanaşılır.
Bir nümunəyə nəzər yetirək. İndoneziyada onlayn kontent dizaynını lokallaşdıran zaman yaşıl rəngdən istifadə etmək qadağandır. Lakin bu rəng Meksikada milli rəng hesab olunur. Bu da sübut edir ki, məzmunu lokallaşdıran zaman mədəniyyətlər arasında olan fərqliliklər nəzərə alınmalıdır. Digər bir nümunə. İslam ölkələrində və ya müsəlman cəmiyyətlərində qadınlar hicab geyinir və müvafiq lokallaşdırmalar zamanı hətta bu kimi hallar da nəzərə alınmalıdır.
Məzmun baxımından fərqliliklər
Tərcümə müxtəlif məzmun növləri üzrə edildiyi halda, lokalizasiya, əsasən, veb-sayt, proqram, multimedia və digər yaradıcı kontentlər üzrə həyata keçirilir.
Aşağıdakı vahidlər tez-tez lokallaşdırılır: valyutalar, tarix və vaxt formatları, rəmzlər, nişanlar, ölçü vahidləri, yerli idiomlar, müəyyən bir mədəniyyətdə, yanlış şərh oluna bilən məqamlara istinad olan mətn və qrafika, marketinq mətnləri və s.

Məsələn, “galloon” (qallon) ingilis ölçü sistemində həcmin ölçü vahididir, lakin bu termin müəyyən auditoriyalara yaddır. Bu haldahədəf auditoriyaya tanış olan və mayenin həcmini ölçmək üçün ekvivalent hesab edilən ölçü vahidindən istifadə olunmalıdır. Litr (l)həcmin rəsmi ölçü vahididir və qallona nisbətən daha işləkdir, buna görədə qallonu litrə çevirərək lokalizasiya etmək daha məqsədəuyğundur.İçməli su bidonunun həcmi də “gallon” ilə ölçülür. Lakin yuxarıda qeyd edilən səbəblərdən dolayı “litr” kimi transliterasiya edilir.
Hər kəs razılaşar ki, Azərbaycan dilində “5 qallon su sifariş etmək istəyirəm” ifadəsi əksər insanlar üçün ümumişlək və anlaşıqlı olmaya bilər. Bu məqamda lokalizasiya zamanı auditoriya faktorunun nə dərəcədə əhəmiyyət kəsb etməsinin bir daha şahidi oluruq. İnkaredilməz faktdır ki, hazırda maşın tərcüməsi və ya tərcümə proqramları geniş miqyas almaqdadır, lakin lokalizasiya üçün bu cür imkanlar mövcud deyil.