Tərcüməçi olmaq üçün sadəcə iki dil bilməyin kifayət etmədiyini artıq çoxumuz bilirik. Tərcüməçi məxəz mətndəki mənanı düzgün formada, eləcə də üslubunu qorumaq şərti ilə auditoriyaya çatdırır və bu proses zamanı o hər bir detalı – dilin xüsusiyyətləri ilə yanaşı, dilin mənsub olduğu mədəniyyəti, hədəf dilin daşıyıcılarının düşüncə tərzini də nəzərə almalıdır. Bəli, tərcümə prosesi hər zaman rahatlıqla baş tutmur və hətta ən təcrübəli tərcüməçilərin belə tər tökdüyü bəzi məqamlar olur. Bəzi dillərin lüğət tərkibinin və ya strukturunun sadə olması təəssüf ki, tərcümə prosesini asanlaşdırmır. Bir sözlə, tərcüməçidən dil bacarıqları ilə yanaşı kreativlik və dünyagörüşü kimi başqa keyfiyyətlər də tələb olunur. Gəlin daha ətraflı nəzər salaq:
Sözün mənası iki səviyyədə müəyyənləşir: fiziki və idrak səviyyəsi. Əksərən, ikinci dil öyrənənlərin fiziki səviyyə ilə o qədər də çox problemi olmur. Məsələn, owl sözünün azərbaycan dilində tərcüməsi bayquşdur və sözsüz ki, başqa dillərdə də konkret qarşılığı var. Təəssüf ki, idrak səviyyəsi bu qədər asan deyil. Bayquş sözü ingilis dilində müdriklik rəmzi olsa da, fars dilində uğursuzluq mənasına gəlir. Belə ki, idrak səviyyəsi həmin xalqın mədəniyyəti ilə bilavasitə əlaqəlidir. Elətərcüməçinin qarşılaşdığı bəzi çətinliklərin mənbəyi də burdan qaynaqlanır.
Mədəniyyətlərarası fərqlər sadəcə sözlərlə məhdudlaşmır. Bədən dili, jestlər və səs tonu kimi digər faktorların nəzərə alınması xüsusilə şifahi tərcümə zamanı qarşı tərəfə göndərilməli olan mesajın düzgün anlaşılmasında mühüm rol oynaya bilər. Məsələn, şəkildə göstərilən jest İtaliyada bu nədir? (və ya nə istəyirsən?), Türkiyədə əla, gözəl mənasına gəldiyi halda, Konqo Demokratik Respublikasında nəyinsə miqdarca az olduğunu göstərir.