info@tlcbaku.com/az
12 Nigar Rəfibəyli, Bakı 1005, Passage 1901

Tarixdə iz qoyan 5 tərcüməçi

Tarixdə iz qoyan 5 tərcüməçi

Tərcümə dillərarası ünsiyyət vasitəsidir, tərcüməçi olmaq isə heç də asan iş deyil. Tərcüməçi yalnız dili deyil, zamanı, sosial auranı da hiss edərək oxucuya müəyyən şəraiti və əhvali-ruhiyyəni təqdim edir. Tərcüməçidə hər iki dil üzrə çevik üslub hissiyyatı olmalıdır. O, sözün oxucuya emosional təsirini daha da genişləndirməli və effektli etməlidir. Elmi nəzəriyyələrin və biliklərin bütün dünyada yayılmasına kömək etdiyinə, eyni zamanda onları, demək olar ki, hər kəsə əlçatan etdiyinə görə tərcüməçilərin gördüyü iş cəmiyyətimiz üçün olduqca vacibdir. Buna baxmayaraq, bəzən tərcüməçilərin işinə lazımi dəyər verilmir. Bu sahə illərlə diqqətdən kənarda qalıb və sənayedə tərcüməyə əhəmiyyət verilməyib. Hələ son zamanlara qədər redaktorlar tərcüməçilərin adlarını kitabların üz qabığında qeyd edib dərcetmə prosesində onların əhəmiyyətini vurğulayana kimi tərcüməçilərin işinə diqqət az idi. Tarixdə əhəmiyyətli rolu olan 5 görkəmli tərcüməçini təqdim edirik:


İYERONİM STRİDONLU

Bizə məlum olan ilk tərcüməçilərdən biri hesab edilir. İyeronim İncilin böyük bir hissəsini yunan və ivrit dillərindən latın dilinə tərcümə etmişdir. Onun tərcüməsi illər ərzində Katolik kilsəsi tərəfindən istifadə edilən yeganə kitab olmaqla ən çox satılan kitabın rəsmi tərcüməsidir. Katolik, Şərqi pravoslav, Lüteran və Anqlikan kilsəsində İyeronim müqəddəs kimi tanınır.


KONSTANS QARNET

Konstans Qarnet Tolstoy, Dostoyevski və Çexov kimi bədii əsər müəllifi olan klassiklərin əsərlərini Rus dilindən İngilis dilinə tərcümə edərək bu müəlliflərin bütün dünyada tanınmasına səbəb olmuşdur. O, həm də məşhur rus yazıçısı İvan Turgenevin, demək olar ki, bütün əsərlərini tərcümə edən ilk tərcüməçilərdəndir. Maraqlı faktlardan biri odur ki, o, tamamilə başa düşmədiyi sözləri və hətta cümlələri tərcümə etməyib. Məhz bu səbəbdən bəzi mütəxəssislər onun işlərinin yarımçıq olduğu qənaətindədirlər. Rus ədəbiyyatından 71 əsər tərcümə edən Qarnet 1934-cü ildə 73 yaşında tərcüməçilik fəaliyyəti ilə məşğul olmağı dayandırıb. Hazırda Qarnetin tərcümə etdiyi əsərlərdən bəziləri hələ də dərc edilməkdədir.


CÜZEPPA BARBAPİKKOLA

Tərcüməçinin ən diqqətəlayiq işi görkəmli fransız filosofu Rene Dekartın “Fəlsəfənin Əsasları” əsəridir. Dekartın fəlsəfənin tarixi haqqında yazdığı bu klassik əsəri Barbapikkola 1722-ci ildə fransız dilindən italyan dilinə tərcümə etmişdir. Onun sözlərinə görə, əsəri tərcümə etməsinin əsas səbəbi qadınlarda fəlsəfə və elmə qarşı maraq oyatmaq idi. Qadınlar üçün məlumatları daha əlçatan hala gətirdiyinə görə Barbapikkolanın bu addımı onların təhsil almasında dönüş nöqtəsi hesab edilir.


XORXE LUİS BORXES

Görkəmli argentinalı yazıçı Xorxe Luis Borxesin əsərlər tərcümə etməsi bir çoxlarına məlum deyil. Borxes hələ 9 yaşında qəzetdə dərc olunması üçün Oskar Uayldın “Xoşbəxt Şəhzadə” əsərini ispan dilinə tərcümə etmişdir. O bununla yanaşı, Edqar Allan Po, Herman Hesse, Virciniya Vulf, Frans Kafka və digər müəlliflərin əsərlərini də tərcümə etmişdir. Yazıçı hətta tərcümə və tərcümə zamanı üzləşdiyi çətinliklər barədə yazılar belə qələmə alıb. Tənqidçilər onun tərcümələrini dəqiq və yaradıcı hesab etməsələr də, Borxes görkəmli tərcüməçi olaraq tanınmaqda davam edir. O, ingilis dili ilə yanaşı, fransız və alman dillərindən də ispan dilinə tərcümələr etmişdir.


QREQORİ RABASSA

Latın Amerikasından olan bir çox yazıçıların əsərlərini ingilis dilinə təcümə edən Rabassa həmin müəlliflərin ingilisdilli ölkələrdə tanınmasına səbəb olmuşdur. Onun ən çox tanınan tərcümələri arasında Qabriel Qarsiya Markes, Xuli Kortasar və Jorje Amadu kimi məşhur yazıçıların əsərləri yer tutur. Rabessa Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” əsərini 3 ilə tərcümə etmişdir. O, əsəri elə mükəmməl tərcümə edib ki, yazıçı əsərin tərcüməsinin orijinaldan daha yaxşı olduğunu düşünüb.