Veb-sayt lokalizasiyası mövcud veb-saytın fərqli linqvistik və mədəni kontekstə uyğunlaşdırılması üçün yenidən qurulması prosesidir. Lokalizasiya mətnin sadə tərcüməsindən daha çoxunu əhatə edir və hədəf auditoriyanın sosial vəziyyəti, yaş qrupu, iqtisadi vəziyyət, cəmiyyət tərəfindən qəbul edilmiş vəziyyətlər və bir çox digər məqamlar nəzərə alınmaqla həyata keçirilir.
Veb-sayt lokalizasiyasının faydaları
İnternetin meydana gəlməsi bütün dünyada dönüş nöqtəsi oldu və hər kəs üçün əsas məlumat və xidmət mənbəyinə çevrildi. Bu gün əksər xidmətlər biznesini internet vasitəsilə idarə edir. Fərqli dillərdə danışan insanların çoxluğu beynəlxalq biznesin böyüməsi üçün veb-saytların müxtəlif dillərdə lokallaşdırılmasını labüd hala gəldi. Bir çox şirkət məhsullarını bazara çıxarmaq və markasını tanıtmaq üçün yeni auditoriyalar ilə əlaqə qurmaq istəyir. Veb-sayt lokalizasiyası bu hədəfə çatmağa kömək etməklə yanaşı, şirkət üçün yeni qapılar açaraq onun beynəlxalq səviyyədə böyüməsinə də töhfə verir. Araşdırmalar göstərib ki, hər bir dil daşıyıcısı öz dilində tərcüməsi olan saytların xidmətlərindən daha çox faydalanır. Bu da o deməkdir ki, veb-sayt lokalizasiyası sayta daxil olma imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Veb-sayt lokalizasiyası prosesi – 3 addım
1 – Hədəf auditoriyanızı təyin edin
Veb-sayt lokalizasiyası zamanı ilk növbədə bazar araşdırması aparmalı və strategiya təyin etməlisiniz. Mövzu ilə maraqlanan oxucuları və ya müvafiq hədəf bazarlarını və rəqibləri müəyyənləşdirməlisiniz. Veb-saytın lokallaşdırılmasında ilk və ən əhəmiyyətli addım bazar analizi etmək və strategiyanı müəyyənləşdirməkdir.
2 – Lüğət hazırlayın və kontenti tərcümə edin
Açar sözlərdən və onların ekvivalentlərindən istifadə zamanı ehtiyatlı olun. Google Keyword Planner söz seçimləriniz üçün faydalı vasitə ola bilər. Veb-saytınızdakı uyğun açar sözlərdən istifadə edərək düzgün auditoriyanı təyin etmək və veb-saytın trafikini artırmaq olar.
Bunu da yadda saxlayın ki, iki fərqli insan eyni məzmunu tərcümə etsə, eyni nəticələr əldə etməyəcəksiniz. Veb-sayt lokalizasiyası zamanı terminlərin eyniliyi və mətnin uyğunluğu önəmli faktorlardandır.
3 – Sınaqdan keçirin
Veb-saytın sınaq versiyasını yoxlayaraq vizualizasiya elementlərinin düzgün ölçüdə olduğuna, aralıqların bərabər şəkildə saxlanıldığına və sözlərin qısaldılmış formada görünmədiyinə əmin olun.
Bəzi xidmətlərin yenilənməsi ilə əlaqədar veb-saytınızda mütəmadi olaraq dəyişikliklər edilməlidir.
Dizayn və rənglərin veb-sayt lokalizasiyasında əhəmiyyəti
Veb-saytı fərqli bir ölkəyə/bazara uyğunlaşdırdığınız zaman məzmununuzun dizaynı da dəyişir. Dillər, açar sözlər və təsiredici amillər kimi dizayn tərcihləri də ölkədən ölkəyə dəyişir. Bu yalnız seçim məsələsi deyil; rənglər həm də mədəni məna daşıyır. Məsələn, Qərb mədəniyyətində qırmızı rəng ehtiras və sevgi, Çində isə uğur rəmzidir.
İstifadəçinin saytınız haqqında rəyinin formalaşması 50 milisaniyə çəkir. Dizaynın bu qədər vacib olmasının səbəblərindən biri də məhz budur. İzləyicilərin görəcəyi ilk şey istifadə etdiyiniz rənglər, tipoqrafiya və qrafiklərdir. Onlar gözəçarpan deyilsə, veb-saytınız haqqında ilk təəssürat da xoş olmur. Lakin bunu da yadda saxlayın ki, dizayn nə qədər mükəmməl olsa da, keyfiyyətsiz kontent lokalizasiyası biznesin yeni müştərilər cəlb etməsini çətinləşdirir.
Bir çox qlobal şirkətlərin veb-saytının müxtəlif dillərə tərcüməsinin şahidi ola bilərsiniz. Məsələn, McDonald’s-ın korporativ veb-saytında “Where we operate” bölməsinə keçib şirkətin beynəlxalq veb-saytlarının siyahısına daxil ola bilərsiniz.