info@tlcbaku.com/az
12 Nigar Rəfibəyli, Bakı 1005, Passage 1901

Tərcüməçinin “Yalançı Dostları”

Tərcüməçinin  “Yalançı Dostları”

Sözsüz ki, tərcümə sənəti kifayət qədər çətin işdir və tərcümə üçün müəyyən qaydalar yoxdur. Tərcüməçi öz işində dillərin qrammatik, sintaktik və leksik strukturundakı fərqliliklərə görə müxtəlif problemlərlə üzləşir. Bu problemlərdən biri də sözlərin xüsusi kateqoriyasını təşkil edən “tərcüməçinin yalançı dostları” adlanan fenomendir.

Açıq-aydın metafora olmasına baxmayaraq artıq ənənəvi terminə çevrilmiş «tərcüməçinin yalançı dostları» ifadəsi hərfi mənada başa düşülməməlidir. “Tərcüməçinin yalançı dostları” hər iki dildə formaca oxşar, lakin məzmunca və məna etibarilə müxtəlif olan xüsusi leksik mikrosistemi əhatə edir. Adətən, bu sözlər eyni nitq hissəsinə aid olur və eyni kontekstlərdə təsadüf edilirlər. Elə bu səbəbdən də onlardan istifadə edərkən və ya tərcümə zamanı səhvə yol verilir.

Bu sözlərə hər dil cütlüyündə rast gəlmək olar: məsələn, ingilis dilindəki “gift” sözü “hədiyyə” mənasını daşıdığı halda, alman dilindəki “gift” sözü “zəhər” mənasında işlənir və ingilis dilinə “poison” kimi tərcümə olunur. Hər iki sözün nə qədər fərqli mənada olduğunu nəzərə alsaq, ingilisdilli bir insanın alman dostuna ona hədiyyə verməyi planlaşdırdığını təsadüfən söyləməsi olduqca problemli ola bilər. Digər tərəfdən “gift” norveç dilində “evli” (“married”) deməkdir. Buna görə də “yalançı dostlar” fenomeninin məğzini tam başa düşmək, eləcə də bu kimi təsnif edilən sözləri bilmək çox vacibdir.

“Yalançı dostların” yanlış tərcüməsi daha ciddi nəticələrə də səbəb ola bilər. Güman ki, Villi Ramirez hadisəsi haqqında eşitmisiniz və “71 milyon dollarlıq söz – intoksikado” hekayəsini bilirsiniz. Villi Ramirez (18 yaşında) 1980-ci illərdə Florida xəstəxanasına gələndə həm ingilis, həm də ispan dillərini bilən çox insan var idi, lakin onların heç biri peşəkar tərcüməçi deyildi. Ailəsi həkimlərə oğlunun “intoxicado” (“food poisoning”) olduğunu söylədi və təəssüf ki, bu söz ingilis dilinə “intoxicated”(“a drug or alcohol overdose”) kimi tərcümə olundu. Villinin ailəsi onun az bişmiş hamburger yediyi üçün qida zəhərlənməsi problem olduğunu düşünürdü. Lakin Villiyə həddindən artıq dozada narkotik qəbulu diaqnozu qoyuldu. Nəticədə, bu yanlış tərcüməyə görə, gənc oğlana “yanlış diaqnoz qoyuldu və bu, yanlış müalicə kursuna və kvadriplegiyaya səbəb oldu”. V.Ramirezdə beyindaxili qansızma oldu. O, qanun pozuntusuna görə 71 milyon dollar məbləğində kompensasiya almışdır. Məhz buna görə də “intoxicado” 71 milyonluq söz olaraq adlandırılır.

Bu termin ilk dəfə 20-ci əsrdə Maxime Koessler və Jules Derocquigny adlı linqvistlər tərəfindən istifadə edilib. “Yalançı dostlar” adlanan fenomenin necə ortaya çıxdığını izah etməyə çalışan 2 əsas nəzəriyyə təsbit olunur:

  1. Sözlər eyni mənbədən – dildən əmələ gəlmiş, lakin dünyanın müxtəlif ölkələrində dəyişikliklərə məruz qalmışdır. Şübhəsiz ki, yerli mədəniyyət və dünyagörüşünün təsirilə sözlərin mənasında dəyişiklik meydana çıxmışdı. Yerli xalqın həyat tərzi sözlərin tələffüzünə və bir-biri ilə ünsiyyətinə təsir etdiyi üçün onların mənasına da təsir göstərir.
  2. Başqa bir nəzəriyyəyə əsasən isə bu sözlər müxtəlif mənbəyə məxsus dillərdən gəlmiş, lakin sosial şəraitə və tarixi hadisələrə görə zamanla oxşar şəkildə tələffüz olunmağa başlamışdır.     

Xüsusilə qeyd etmək lazımdır ki, dil vahidlərinin əksəriyyəti çoxmənalı olur və kontekst daxilində sözlərin özünəməxsus üslubi xüsusiyyətləri meydana çıxır. Ona görə də, tərcümə zamanı sözlərin çoxmənalılığına və kontekstə uyğun məna çalarlılığına diqqət yetirmək xüsusi əhəmiyyət kəsb edir. Tərcüməçi dərin bilik, geniş dünyagörüşü və hər iki dilin incəlikləri və üslubi xüsusiyyətlərini fərqləndirmə qabiliyyətinə, həmçinin zəngin söz bazasına malik olmalıdır və o, “tərcüməçinin yalançı dostlarının” toruna düşməməlidir.