info@tlcbaku.com/az
12 Nigar Rəfibəyli, Bakı 1005, Passage 1901

Subtitrlər niyə uğursuz olur?

Subtitrlər niyə uğursuz olur?

Subtitrlər fərqli dildə olan video materialları izləmək üçün ilk ağla gələn seçimlərdəndir. Lakin bəzən onlar elə uğursuz olur ki, məxəz dili bilməyən izləyici belə hədəf dildəki ifadələrin düzgün olmadığını, eyni hissi ötürmədiyini aydın şəkildə hiss edir. Bəs bu uğursuzluğun səbəbi nədir?

  1. Audio və vizual elementləri nəzərə almamaq

Subtitrləri tərcümə edərkən audio və vizual elementləri nəzərə almadan yalnız məxəz dildə verilən mətni tərcümə etmək böyük təhriflərə yol aça bilir. Buna daha çox əyləncə sektoru üçün hazırlanan video materialların tərcüməsində rast gəlmək mümkündür. Əksər hallarda ifadə edilən fikirlərin mənası istifadə edilən sözlərdən asılı olduğu qədər fikri səsləndirən şəxsin xarakteri, intonasiyası, fikrin səsləndirildiyi məqam və digər mədəni elementlərdən asılı olaraq da dəyişə bilir. Məhz buna görə kinoteatrda filmdə qızğın müharibə səhnəsi zamanı subtitrdə  “sağ ol” yerinə “təşəkkür edirəm” ifadəsini görmək auditoriyada gülüş yaradır.

  1. Hərf limiti

Aydındır ki, izləyicinin çaşqınlığına səbəb olmamaq üçün vizualla alt yazı ekranda eyni vaxtda əks olunmalıdır. Bu halda əsas çətinlik yaradan məsələ izləyicinin oxuma sürətini nəzərə alaraq səsləndirilən fikri subtitrdə müvafiq yığcamlıqda qeyd etməkdir. Nəticədə izləyici onu oxuya bilmədiyi halda tərcümənin necə uğurlu olduğunun bir əhəmiyyəti qalmır, elə deyilmi? Bu, bütün ideyanı çatdırmaq istəyən tərcüməçi üçün baryer yaradır və istifadə edə biləcəyi söz sayını limitləyir. Tərcümə zamanı daha çox simvol və uzun sözlərin tələb olunduğu dillərdə bu çətinlik daha çox sezilsə də, Azərbaycan dili üçün də bənzər problemlə üzləşə bilirik. Növbəti dəfə tərcüməçilərimizin söyüşlü ifadələrə qarşı müdafiə mexanizmi olan “Lənət şeytana!” ifadəsini qısaldaraq “Şeytan!” ilə əvəz etdiklərini görsəniz, təəccüblənməyin. Lakin hərf limitini arzuladığımız hallar da olur. Məsələn, “What the hell is going on?” cümləsinin “Nə cəhənnəm baş verib?” deyə tərcümə olunduğunu gördükdə insan “Kaş, “cəhənnəm” sözü o ekrana yerləşməzdi” deyə dərin ah çəkə bilir.

  1. Oxunaqlılıq

Oxunaqlılığı təmin etmək məqsədilə subtitr üçün ayrılmış hər bir sətrdə istifadə olunan sözlər diqqətlə seçilməlidir. Bu amili daha çox bir neçə ekranı əhatə edən subtitrlərdə nəzərə almaq lazımdır. Məsələn, ismi təyin edən sifətin ilk ekranda, ismin isə növbəti ekranda gəlməsi izləyicini çaşdıra bilir və bu çaşqınlıq onun subtitiri oxumağa davam etməsinə mane olur.

Sadalanan məhdudiyyətlər çox vaxt orijinal mətnin tam tərcümə oluna bilməməsi ilə nəticələnir. Subtitr tərcüməçiləri məlumatları prioritetləşdirməli və izləyicilərə mənanı mümkün qədər dolğun çatdırmaq üçün nələri kəsməli və nələri əlavə etməli olduqlarını öyrənməlidirlər. Uğurlu nəticəyə gedən yol hər bir natiqin üslubu, mədəni fonu və ifadə etmək istədiyi fikrə sadiq qalaraq mənanı yığcam şəkildə çatdırmaqdan keçir.