1. Tərcümə nədir?
Tərcümə fikrin bir dildən digər dilə çevrilməsidir. Dillərin xüsusiyyəti, ölkələrarası mədəniyyət fərqi və elmi terminlərin yayılma dərəcəsi tam tərcüməyə imkan vermir. Buna görə də, tərcüməçinin əsas məqsədi ilkin materiala maksimum sadiq qalmaqla hədəf dildə oxşar mətn yaratmaqdır.
2. Tərcümənin yaşı
100000 il əvvəl dillərin meydana gəlməsi ilə fərqli dillər arasında tərcüməyə ehtiyac yaranmışdır. Şifahi tərcümənin tarixi daha qədim olsa da, ilk yazılı tərcüməyə Şumer mənbələrində rast gəlinir.
3. Tərcümə sənəti
Qabriel Qarsiya Markes “Yüz ilin tənhalığı” romanının ingiliscə tərcüməsinin ispan dilindəki orijinal əsərdən daha yaxşı olduğunu bildirib. Elə bu göstərir ki, yaxşı tərcüməçi həm də kitabı təkmilləşdirən yazıçıdır.
4. Dünyanın ən asan dili
İspan dili tərcümə edilməsi ən asan dildir. Bunun səbəbi isə həmin dildə sözlərin yazıldığı kimi oxunmasıdır. Bəzi qrammatik çətinliklər olsa da, illərin təcrübəsinə sahib tərcüməçilər ispan dilini digər bir çox beynəlxalq dillərdən üstün tuturlar.
5. Ən çox tərcümə edilənlər
Tarixdə ən çox tərcümə edilən ədəbi əsər 2932 dilə interpretasiya olunmuş “İncil”dir. UNESCO-nun dünya dillərinə tərcümə olunmuş bütün kitabların siyahısını göstərən “Index Translationum” adlı onlayn məlumat bazası var. Bu bazaya əsasən, ən çox dilə tərcümə edilmiş sənəd 1948-ci ildə Birləşmiş Millətlər tərəfindən hazırlanmış “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”dir. Sözügedən sənəd 370 dilə tərcümə olunub və 6 səhifədən ibarətdir.
6. Ən bahalı dil kombinasiyası
Tərcümənin qiymətinə müxtəlif faktorlar təsir edir. Burada tələb və təklif əsas amildir. Həmçinin tərcüməçinin mənsub olduğu ölkənin də rolunu qeyd etmək vacibdir. Yaşam xərcinin çox olduğu ölkələrdə tərcüməçilər xidmətləri qarşılığında daha çox ödəniş tələb edirlər. Slator.com-a əsasən, Amerikada ən bahalı dil cütlüyü ingilis dili-yapon dili və ingilis dili-koreya dili olaraq müəyyən edilib.
7. Ən çox dilə tərcümə edilən sayt
Bir çoxları bunun Vikipediya, Google və ya Apple veb-saytı olduğunu düşünə bilər. Lakin yanılırsınız. Dünyada ən çox dilə tərcümə edilmiş veb-sayt “Yehovanın Şahidləri”dir (jw.org). Bu saytda 900-dən çox dil seçimi mövcuddur.