info@tlcbaku.com/az
12 Nigar Rəfibəyli, Bakı 1005, Passage 1901

Transkreasiya, yoxsa xəyanət?

Transkreasiya, yoxsa xəyanət?

Tərcümənin elm, yoxsa sənət olduğu uzun illər mübahisə doğuran suallardan biri olmuşdur. Bəziləri tərcüməni ünsiyyəti asanlaşdıran elm sahəsi olaraq qiymətləndirsə də, digərləri indiyə qədər bütün insan bəşəriyyətini birləşdirən, insanların bir-birini daha yaxşı anlamasına kömək edən bu vasitənin sənət olduğunu iddia edirlər. Lakin hamının yekdilliklə qəbul etdiyi bir fakt var ki, yaradıcı tərcümə peşəkarlıq tələb edir.

Transkreasiya nədir?

Transkreasiya zamanı orijinal üslub və ton qorunub saxlanmaqla məzmun bir dildən digərinə köçürülür. Bu halda çatdırılmalı olan ideya hədəf auditoriyanın mədəni fonuna uyğunlaşdırılmalıdır. Çünki tərcümənin bu növündə əsas məqsəd kontentin sadəcə yeni dildə anlaşılmasını təmin etmək deyil, bu dilin daşıyıcılarına daha doğma səslənməsi üçün onu yenidən yaratmaqdır.

Nə zaman istifadə olunur?

Transkreasiya yalnız dilçilik təcrübəsi deyil, həm də yaradıcılıq və hədəf auditoriyanın mədəniyyəti barədə məlumatlılıq tələb edir. Tərcümənin bu növündən akademik yazılar, hesabatlar, rəsmi sənədlər üçün istifadə yolverilməzdir. Adından da göründüyü kimi, yaradıcı tərcümədən yaradıcılıq tələb edən sahələrdə, xüsusilə marketinq, e-məktub kampaniyaları,  şeirlər, müxtəlif sənət sahələri ilə bağlı kontentlərdə istifadə olunur. Bu sahə ilə əksər hallarda tərcüməçilər deyil, yazıçı və kopirayterlər məşğul olur.

Transkreasiya nümunələri

McDonald’s brendinin “I’m loving it” sloqanı hər birimizə tanışdır. İlk baxışdan bu sloqanı tərcümə etmək elə də çətin görünmür. İtalyanlar bunun üçün ənənəvi tərcümədən istifadə etməklə kifayətləniblər. Lakin bəzi ölkələrdə bu o qədər də asan olmayıb. Məsələn, Çində “love” (sevmək) feilinin yüksək səslə ifadə olunması elə də xoş qarşılanmır. Buna görə də ənənəvi tərcümə şirkətin marketinqinə böyük zərbə vura bilərdi. Bənzər problemlə üzləşən ispanlar da bu feili “like” (xoşlamaq) feili ilə əvəzləyib, sloqanı “I like it” olaraq dəyişiblər. Göründüyü kimi, transkreasiya daha çox diqqət və bacarıq tələb edir və ağıllara italyanların “Traduttore, Traditore” deyimini gətirir. Mənası “Bütün tərcüməçilər xəyanətkardır” olan bu deyim mətnin uğurlu səslənməsi üçün tərcüməçiyə lazım gəldikdə orijinal dilə xəyanət etməyi tövsiyə edir.